


Bu gün Azərbaycanın
Dövlət Müstəqilliyi Günüdür.
Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 28 il ötür.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi
şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə
ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki
ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında
da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə
çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə
çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul
edilib.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli
sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktı qəbul edilib.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib.
Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali
Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar
çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən
Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri
Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli
dövlət gerbi təsdiq olunub.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu
tarixi bayram kimi qeyd edir.
ARB 24